Facebook Twitter Instagram Youtube Google+
   
Türkiyəli mütəxəssislər "Azərsu" ASC-nin Təlim və İnnovasiyalar Mərkəzi ilə tanış olublar
Tarix: 2018-05-15

                           

Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması, bu sahədə müvafiq infrastrukturun yaradılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yeni Təlim və İnnovasiyalar Mərkəzində yaradılmış şərait  xarici mütəxəssislər tərəfindən maraqla qarşılanır.

Avropa Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində Türkiyənin UGETAM A.Ş və MYK (Mesleği Yeterlilik Kurumu - Peşə Təsnifat Qurumu) təşkilatının, həmçinin “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin nümayəndələri Təlim və İnnovasiyalar Mərkəzində olub.

Mərkəzdə keçirilən görüşdə UGETAM şirkətinin təlim müdiri Səlim Sərkan Say, MYK-nin nümayəndələri Mehmet Ordukaya,  Fatih Bilen, Burak Çağrı Karakaya və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu iştirak etmişlər.

Görüş zamanı türkiyəli qonaqlar  Təlim-Tədris Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib. Mərkəzin beynəlxalq və regional təlimlərin keçirilməsi, mütəxəssislərin hazırlanması, müvafiq peşələr üzrə beynəlxalq test və sertifikatlaşdırma üçün müasir maddi-texniki bazaya, geniş imkanlara malik  olduğu vurğulanıb.

Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yeni Təlim və İnnovasiyalar Mərkəzində eyni vaxtda 350 nəfərə yaxın şəxsə təlimlərin keçirilməsinə imkan var. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.

Mərkəzdə təlim iştirakçılarının məişət qayğıları, asudə vaxtlarının təşkili üçün də şərait yaradılıb. Binada mətbəx, 108 nəfərə xidmət göstərən yeməkxana, idman zalı fəaliyyət göstərir.  Mərkəzin binasında regionlardan və xarici ölkələrdən gələn təlim iştirakçılarının yerləşməsi üçün 5-i VİP, 12-si standart olmaqla 67 yerlik yataq otaqları da vardır.

 

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur