Facebook Twitter Instagram Youtube Google+
   
“Azərsu” ASC-də Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 2018-04-13

         

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının  nümayəndə heyəti ilə görüş keçirilib.

 

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə  su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.

Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi xanım Marion Kniş Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib. O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması əhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.

Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisrtemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.      

 

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Hazırda şəhərin digər mənbəyində  Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihə çərçivəsində su mənbələrindən Gəncə şəhərinə magistral su xətləri çəkilib, anbarlar tikilib. Hazırda şəhərdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su  mənbəyində sugötürücü qurğu tikilib, magistral xətlər və anbarlar inşa olunub. 135 km su, 132 km kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Hər 2 şəhərdə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi keçirilir.  Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur