Facebook Twitter Instagram Youtube Google+
   
2019-cu ildə Gəncə şəhərində içməli su problemi həllini tapacaq
Tarix: 2017-11-13

      

2019-cu ildə Gəncə şəhərində içməli su problemi həllini tapacaq. Bunu Gəncəyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, ötən illərdə Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıb, infrastruktur layihələri icra edilib: “Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar”.

 

Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

 

Layihənin icrasına 2011-ci ilin sentyabr ayında başlanılıb. Ötən müddətdə  Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Eyni zamanda, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 km magistral su kəməri, ümumi tutumu 12000 kubmetr  olan 3 ədəd su anbarı və 6,9 km  anbarlararası su xətti inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Hazırda su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu inşa edilir. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27,5 km uzunluğunda  Şəmkirçay-Gəncə magistral su kəməri çəkilib.

 

Gəncə şəhərində 855 km içməli su və 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Hazırda layihənin 4-cü mərhələsi çərçivəsində şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.

 

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr layihələndirilən təmizləyici qurğuda zərərsizləşdiriləcəkdir.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur