Facebook Twitter Instagram Youtube Google+
   
İstehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur
Tarix: 2017-11-06

   

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin  prioritet vəzifələrindəndir. Səhmdar Cəmiyyətin Mərkəzi Laboratoriyası Bakı şəhəri və regionlarda içməli suyun keyfiyyətini və tullantı sularının standartlara uyğunluğunu nəzarətdə saxlayır. İçməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi,  tullantı su nümunələri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təyin olunmuş yerlərdən götürülür.

2017-ci ilin 9 ayı ərzində Mərkəzi Laboratoriya tərəfindən su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən  11682 su nümunəsi  götürülüb. Həmin nümunələr əsasında laboratoriyanın fiziki-kimyəvi və mikrobioloji analizlər  şöbələri tərəfindən içməli suyun 81278 parametri təyin edilib və keyfiyyət göstəricilərində ciddi kənarlaşmalar müşahidə edilməyib.

Mərkəzi Laboratoriyanın Tullantı sularının fiziki-kimyəvi və mikrobioloji analizlər şöbələrində 772 nümunə  üzrə 6805 göstərici təyin edilib. Qeyd edək ki, tullantı su nümunələri təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülüb.

2016-ci ilin eyni dövrü ilə müqayisədə laboratoriyada təyin olunan içməli su və tullantı su göstəricilərinin sayı 48 faiz artıb.

 9 ay ərzində Mərkəzi Laboratoriya tərəfindən 17 hüquqi və 49 fiziki şəxsə 18427 manat dəyərində ödənişli xidmət göstərilib. Ötən dövrdə laboratoriya 4 səriştəlilik testi proqramına qoşulub.  ABŞ-ın ERA və Böyük Britaniyanın FAPAS şirkətləri burada aparılan analizlərin standartlara uyğunluğunu təsdiqləyərək Mərkəzi Laboratoriyanı sertifikatla təltif ediblər. Hazırda Mərkəzi Laboratoriyada göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində işlər aparır. Cari ilin sonuna qədər elektron hökumət portalı vasitəsilə bu xidmətlərdən istifadə etmək mümkün olacaq.

Respublikanın regionlarında istənilən ərazidə və şəraitdə  analizlərin aparılması. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin analizləri aparılır.

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Mərkəzi Laboratoriya 2014-cü ildə Latviya Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçib.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur