Facebook Twitter Instagram Youtube Google+
   
"Şollar-Bakı su qurğuları kompleksi-100 il: əbədi həyat mənbəyi"” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışdır
Tarix: 2017-03-17

   

     Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 illiyi ilə əlaqədar  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Şollar-Bakı su qurğuları kompleksi-100 il: əbədi həyat mənbəyi"” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulmuşdur. Birinci Bakı Beynəlxalq Su Həftəsində çərçivəsində müsabiqənin yekunları və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Azərsu” ASC-nin, KİVDF-nin rəhbərliyi və əməkdaşları, mətbuat orqanlarının rəhbərləri, jurnalistlər iştirak etmişlər.   

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov martın 14-dən 18-dək Bakıda "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirlər qlobal miqyasda insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmini, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin geniş müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Su həftəsi çərçivəsində keçirilən tədbirlərdə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nüfuzlu qonaqların iştirak etməsini mötəbər tədbirə yüksək marağın əyani təcəssümüdür.

   

 "Azərsu" ASC-nin sədri həftə çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin də təntənəli şəkildə qeyd olunduğunu bildirərək kəmərin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açmışdır: “100 il əvvəl Şollar-Bakı su kəməri Avropanın nəhəng layihələrindən biri sayılırdısa, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə yaradılmış  Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hazırda belə bir yüksək statusa malikdir”.

 

Qorxmaz Hüseynov Bakı şəhərinin keyfiyyətli və fasiləsiz içməli su təchizatında böyük paya malik olan Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.  Səhmdar Cəmiyyətin sədri bildirmişdir ki,  müsabiqədə iştirak edən jurnalistlər Şollar-Bakı Su Qurğuları Kompleksinin tarixini ətraflı araşdırmaqla yanaşı, son 100 ildə Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən layihələr barədə ictimaiyyəti ətraflı məlumatlandırmışlar.

   

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin respublikamız üçün tarixi əhəmiyyətli hadisə olduğunu vurğulayaraq müxtəlif çətinliklərə baxmayaraq kəmərin tikintisinin uğurla yekunlaşdırıldığını bildirmişdir.  V.Səfərli ölkə rəhbərliyinin diqqət və qayğısı ilə "Azərsu ASC"-nin son illər Bakı şəhərinin və respublikamızın regionlarının fasiləsiz və keyfiyyətli içməli su təchizatı sahəsində gördüyü işləri yüksək dəyərləndirmişdir.

Fondun icraçı direktoru qeyd etmişdir ki, müsabiqənin məqsədi Şollar-Bakı Su Qurğuları Kompleksinin Bakı şəhərinin içməli su təchizatındakı müstəsna rolunun ictimaiyyətə dolğun şəkildə çatdırılması olmuşdur.  Yanvarın 12-dən martın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 32 kütləvi informasiya vasitəsindən 56 yazı təqdim olunmuşdur.  Yazılar ekspertlər tərəfindən qiymətləndirilmiş və müsabiqənin şərtlərinə əsasən, 6 jurnalist əsas, 15 nəfər isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir.

Qalibləri təbrik edən icraçı direktor V.Səfərli media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.

 

 

 

 

 

 

 

 

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur