Facebook Twitter Instagram Youtube Google+
   
Bakı şəhərində Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısı keçirilir
Tarix: 2017-03-17

     

 

Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində martın 17-də Bakı şəhərində  Dünya Su Şurası (DSŞ) İdarə Heyətinin 61-ci Toplantısı öz işinə başlamışdır.

Toplantının açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DSŞ İdarə Heyətinin 61-ci Toplantısının  iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə qeyd olunmuşdur ki, DSŞ İdarə Heyətinin növbəti  toplantısının, eləcə də 8-ci Dünya Su Forumunun Aparıcı Komitəsinin 4-cü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub, beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir: “Hazırda dünyada qlobal su çatışmazlığı probleminin kəskinləşməsi su resurslarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkəmiz bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır.  

Azərbaycanda əhalinin keyfiyyətli  və dayanıqlı içməli su ilə təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədilə icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasında təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli  və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllinə, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv  fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir”.

   

 

       DSŞ İdarə Heyətinin üzvü , “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək  su ilə əlaqəli qlobal məsələləri beynəlxalq müstəvidə qaldıran və onların həlli istiqamətində mühüm addımlar atan Dünya Su Şurasının İdarə Heyətinin bugünkü toplantısının perspektiv fəaliyyət üçün böyük imkanlar yaradacağını bildirmişdir. O, qeyd etmişdir ki,  2013-cü ildən DSŞ-nın üzvü olan “Azərsu” ASC 2015-ci ildən İdarə Heyətində təmsil olunur. “Bu status bizə su ilə əlaqəli müxtəlif məsələlərin araşdırılması və həll yollarının müəyyənləşdirilməsi sahəsində geniş imkanlar yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bizim bu təşkilatda təmsil olunmağımıza, ölkəmizin su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi, transərhəd su hövzələri ilə bağlı məsələlərin beynəlxalq miqyasda müzakirəsinə dəstək verir. Eyni zamanda ölkə başçısının tapşırığı ilə son illər su sektorunun inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir.  

DSŞ və Dünya Su Forumunun səyləri nəticəsində “Təmiz su və sanitariya” məsələsi Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri-2030” çağrışının əsas hədəflərindən biri kimi qəbul olunub. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Su Həftəsi çərçivəsində qəbul olunmuş Bakı bəyannaməsində bu məsələ prioritetlərdən biri kimi göstərilib”.  

Q.Hüseynov  Beynəlxalq Su Resursları Assosiasiyasının (İWRA) 18-ci Dünya Su Konqresinin, DSŞ Dünya Su Forumunun növbəti toplantılarından birinin Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyinin irəli sürüləcəyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.  

Dünya Su Şurasının Prezidenti Benedito Braqa Şuranın növbəti toplantısının Bakı şəhərində keçirilməsinə göstərilən dəstəyə,  həmçinin  toplantı iştirakçılarına ünvanlanmış müraciətə görə DSŞ İdarə Heyəti üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etmişdir. B.Braqa 61-ci toplantının su ilə bağlı problemlərin müzakirə edilməsi və birgə həll yollarının tapılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli  hadisə adlandırmışdır: “Dünya su ehtiyatlarının ədalətlə istifadəsi, inteqrasiyalı idarəetmə prinsiplərinin işlənilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində Dünya Su Şurası məqsədyönlü fəaliyyət göstərir. DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik  qlobal su problemlərinin,  strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir”.  

Qeyd edək ki, DSŞ İdarə Heyətinin üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə  səfəri təşkil olunacaq.

DSŞ İdarə Heyətinin 61-ci Toplantısı martın 18-də yekunlaşacaq.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur