Facebook Twitter Instagram Youtube Google+
   
Bakıda “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir
Tarix: 2017-03-15

   
 

“Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində  keçirilən I Bakı Beynəlxalq Su Həftəsi davam edir. Martın 15-də “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlamışdır. 
       Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə də tanış olmuşlar.

 

   

Konfransdan əvvəl qonaqlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş foto və rəsm sərgilərinə baxış keçirmişlər.

Sonra “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans açıq elan olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbərinin müavini, Prezidenti köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə qeyd olunmuşdur ki, dünyanın 40-dək ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə diqqət və marağın yüksək olduğunu göstərir. “Konfrans qədim ənənələrə malik Azərbaycan xalqının milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan verir. Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərib. Şollar-Bakı Su Qurğuları Kompleksinə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda müzakirə olunan mövzular təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparacağı müzakirələr mövcud problemlərin öyrənilməsinə və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq.

     

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov  Azərbaycanın su təchizatı tarixinə nəzər salaraq son 100 ildə Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edilməsi istiqamətində mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirmişdir. Səhmdar Cəmiyyətin sədri qeyd etmişdir ki, 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bu günlərində istismara verilmişdir. Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşmüşdür. 

Q.Hüseynov qeyd etmişdir ki, su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir və ölkə rəhbərliyi bu sahənin inkişafına xüsusi diqqət göstərir: “Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir”.

     

Q.Hüseynov qeyd etmişdir ki, "Aşağı axın" ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənilmir. Şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində tam həllini tapmayan bir sıra məsələlər mövcuddur.

Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır.

 

   

 

Ekologiya və ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. “Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli "Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri" adlı Qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından "siyasi təsir və ya təzyiq aləti kimi" istifadəyə son qoyması kimi tələblər yer alıb. Beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və Sərsəng su anbarının resurslarından siyasi təsir vasitəsi kimi istifadə olunmasına son qoyulmasını tələb edib. Bundan başqa Ermənistanın istismar müddətini başa vurmuş  "Metsamor" Atom Elektrik Stansiyası regionda ekoloji sabitliyin qorunmasına ciddi təhlükə yaradır". 

Dünya Su Şurasının Prezidenti Benedito Braqa çıxış edərək bildirmişdir ki, 100 il əvvəl olduğu kimi bu gündə sudan istifadə məsələsi aktuallığını saxlayır və prioritet əhəmiyyət kəsb edir: “Dünyada su çatışmazlığı probleminin  aradan qaldırılması istiqamətində ciddi işlər görülür və insanların sudan səmərəli istifadə etmələri yönündə maarifləndirmə işləri aparılmaqdadır. Burada önəmli məqam tələb və təklifin bir-birinə uyğunluğudur. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatlarına uyğun istifadə olunur. Dünya Su Şurası olaraq bildirmək istəyirik ki, bu sahədə Azərbaycan kifayət qədər təcrübəyə malikdir. Lazım gələrsə biz də öz dəstəyimizi göstərməyə hazırıq”.

   

 Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti  Akif Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti  Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Uilyam Lindley nəslinin nümayəndəsi Babli Lindley çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.  

Açılış mərasimindən sonra konfrans bölmə iclasları ilə davam etdirilmişdir. “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında keçirilmiş bölmə iclaslarında məruzələr dinlənilmiş, aktual məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur