Prezident Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin
1-ci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı
Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları
Cənab Prezident!
Sizin rəhbərliyinizlə ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsilə paytaxt əhalisinin su təchizatında əsaslı dəyişikliklər olmuşdur. İstismar qaydalarına uyğun olaraq Oğuz-Qəbələ-Bakı kəmərilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kub metrə çatdırılmışdır və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kub metrə çatdırılacaqdır.
Hazırda Oğuz-Qəbələ-Bakı kəmərilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsinin təmin edir.
Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazilərinə, indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci km yaşayış sahələrinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Kəmərin istismara verilməsilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravliki iş rejimləri normallaşmışdır. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalmışdır.
Cari ilin yanvar-iyun aylarında Cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kub metr həcmində su satılmış və onun 74,8 faizinin haqqı yığılmışdır.
Cənab Prezident, aprelin 8-də imzaladığınız fərmanla əhalinin 1 fevral 2011-ci il tarixə qədər olan 294,2 mln manat borcunu bağışladınız. Sizin bu humanist qərarınız abunəçilərlə “Azərsu” ASC arasında yaşanan çoxlu sayda mübahisələrə son qoydu.
2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61, daxili imkanlar hesabına isə 20 km-ə yaxın su xətti çəkilmiş, 10 km-dən artıq kanalizasiya kollektoru quraşdırılmış, ümumi həcmi 2200 kub metr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılmış, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilmişdir.
Hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
“Regionların sosial-iqtisadi inkişafı”, “Yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramlarına uyğun olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin su təchizatı yenidən qurulur, Ağdam və Tərtər rayonlarının sərhəd kəndlərində 3 km-dən çox su xətti çəkilmiş, 2 subartezian quyusu qazılmış və işlər davam etdirilir.
Qobustan rayonunun 8 yaşayış məntəqəsinin (Təsi, Bədəlli, Sədəfli, Nərimankənd, Dərəkənd, Ərəbqədim, Çəmcəmli, Göydərə kəndləri) su təchizatının yaxşılaşdırılması məqsədilə ümumilikdə
Xaçmaz rayonunun Nabran qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 5 km-ə qədər kanalizasiya xətləri çəkilmiş, işlər ilin sonuna qədər başa çatdırılacaqdır.
Möhtərəm cənab Prezident!
Beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidənqurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan”ın hazırlanmasına başlanmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı ətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kub metr olan yeni su təmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-
Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaqdır ki, bu da Bakı şəhərində mövcud kəmərlədən su alan zonaların daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcəkdir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə Kür su mənbəyindən Kürətrafı rayonların su təchizatına imkan yaradacaqdır.
Möhtərəm cənab Prezident!
Bakı şəhəri və ətraf qəsəbələrdə yaranan çirkab suların toplanaraq idarə olunması üçün də ilkin konseptual layihənin hazırlanmasına başlanıb. Yaranacaq çirkab suların əsasən özüaxımlı rejimdə ötürülməsini təmin etmək məqsədilə Xəzər dənizinin sahili boyunca, Sumqayıt şəhərindən Ələt qəsəbəsinə qədər ümumi məhsuldarlığı sutkada 950 min kub metr olan 10 yeni çirkab su təmizləyici qurğunun inşası nəzərdə tutulur. (Pirşağa-40 min, Müşfiqabad-10 min, Şüvəlan-10 min, Pirallahı-10 min, Lökbatan-300 min, 20-ci Sahə - 50 min, Sahil - 50 min, Ələt - 10 min, Qobustan-10 min, Zığ - 250 min, Hovsan kanılının sonu - 200 min, Türkan - 10 min)
Çirkab su təmizləyici qurğuların tikilməsi qabaqcıl Avropa texnologiyalarının tətbiqi ilə həyata keçiriləcəkdir ki, bu da təmizlənmiş suların bir hissəsinin ehtiyac olan yerlərdə yaşıllıqların və meşə massivlərinin suvarılmasında istifadəsinə imkan verəcəkdir.
Akademik Həsən Əliyev küçəsi boyunca və Dərnəgül-Qaraçuxur istiqamətində yeni kanalizasiya kollektorlarının tikilməsi nəzərdə tutulmuşdur. Bu layihələr eyni zamanda Bakı buxtasının təmizlənməsi proqramı çərçivəsində buxtaya axan çirkab suların əsas hissəsinin qarşısını almağa imkan verəcəkdir.
Bununla yanaşı Xırdalan şəhəri və ətraf qəsəbələrdə yaranan çirkab suların toplanması üçün Xırdalan-Xocahəsən-Lökbatan kanalizasiya kollektorunun inşası planlaşdırılır. Bu ərazilərdən toplanacaq çirkab suların təmizlənməsi üçün Lökbatan qəsəbəsi yaxınlığında yeni çirkab su təmizləyici qurğu layihələndirilir.
Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı özüaxımlı rejimlərin təmin olunması üçün tunel tipli kollektorların inşasına üstünlük verilmişdir.
Özüaxımlı rejimlərin təmin edilməsi nəticəsində il ərzində təxminən 500 milyon kilovat saat elektrik enerjisinə və ya 30 milyon manat vəsaitə qənaət etmək mümkün olacaqdır. Qeyd edim ki, “Azərsu” ASC-nin göstərdiyi xidmətlərin maya dəyərinin 35-40 faizini elektrik enerjisi xərcləri təşkil edir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə bağlı layihə-smeta sənədləri hazırlanır, ilin sonuna qədər bir neçə qəsəbədə tikinti işlərinə başlanacaqdır.
Suyun keyfiyyət göstəricilərinin öyrənilməsi üçün Dünya Səhiyyə Təşkilatı və Avropa Birliyinin standartlarına cavab verəcək, gələcəkdə beynəlxalq qurumlar tərəfindən akkreditə olunması nəzərdə tutulan mərkəzi laboratoriyanın qurulması işlərinə başlanmışdır.
Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulmuşdur ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcəkdir.
Möhtərəm cənab Prezident!
Azərbaycan Hökumətilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanmış, 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.
Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutlur.
Möhtərəm cənab Prezident!
Sadalanan bu işlər ölkə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su təminatı sahəsində həyata keçiriləcək geniş miqyaslı layihələrin başlanğıcıdır. Sizin təsdiq etdiyiniz Dövlət Proqramlarına, verdiyiniz tapşırıqlara uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin dünya standartlarına uyğun qurulması, əhalinin fasiləsiz içməli su təminatına nail olunması üçün bütün qüvvələrimizi səfərbər edəcək, etimadınızı doğrultmaq üçün var gücümüzlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm!
