Facebook Twitter Instagram Youtube Google+
   
Kanalizasiya təsərrüfatı

 Bakı şəhərinin kanalizasiyası

   Bakı şəhərində kanalizasiya sisteminin tarixi XX əsrin əvvəllərindən başlayır. Bakıda kanalizasiya sisteminin yaradılması ilk dəfə XIX əsrin 90-cı illərində müzakirəyə çıxarılır və Şəhər Dumasının ingilis mühəndis Uilyam Lindleylə bağladığı müqavilədə layihənin hazırlanması məsələsi də öz əksini tapır. Müqavilənin XIX əsrin sonlarında imzalanmasına baxmayaraq, Lindley yalnız 1911-ci ildə Frankfurt şəhərindəki kontorunda Bakı şəhərinin kanalizasiya sisteminin layihəsini işləməyə başlayır. Birinci Dünya Müharibəsi ilə əlaqədar bu layihə Almaniyada qalır və onu Bakıya gətirmək mümkün olmur. 1916-1917-ci illərdə Uilyam Lindley yenidən bu layihənin 2-ci variantını işləməyə başlayır, Lakin 1918-ci ildə qəfil ölüm ona layihəni başa çatdırmağa imkan vermir.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi yenidən aktuallaşır. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılır və U.Lindleyin əlyazmaları və topladığı materiallar əsasında Bakı şəhərinin Baş Kanalizasiya sistemi layihəsinin işlənməsinə başlanılır. Tanınmış mühəndis Mark İosifoviç Atlasın “Ayrılmış kanalizasiya sistemi” layihəsi əsasında 1924-cü ildə tikinti işlərinə başlanır və 1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulur. Bu dövrdə şəhərin magistral kollektorları olan “Özüaxımlı”, “Aparıcı”, “A”, “B”  kollektorları,  habelə 1 və 2 saylı Kanalizasiya Nasos stansiyaları (artıq ləğv edilib), Zığ Təmizləyici Qurğuları tikilir. Bu qurğuların layihələndirilməsində Politexnik İnstitutunun professoru İosif Qavriloviç Yesman da iştirak edir.

Təxminən 40 ildən sonra, 1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır. Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 %-ə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılır. Lakin 1991-ci ildə maliyyə çatışmazlığı üzündən “Böyük kanalizasiya” layihəsi üzrə tikinti işləri yarımçıq dayandırılır. Yalnız 2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilir. Bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub. Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.

Hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbest-sement, çuqun, dəmir-beton borulardan  və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500 kilometrdir. Həyət və məhəllədaxili kanalizasiya xətlərinin diametri 150-200 mm, küçə xətləri və kollektorlarının diametrləri 300 mm-dən 4000 mm-ə qədər dəyişir. Bundan başqa, hazırda Bakı şəhərində ümumi uzunluğu 156 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Paytaxtda tullantı sularının idarəedilməsinin asanlaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni texnologiya əsasında tunel tipli kanalizasiya kollektorlarının tukintisinə başlanılmışdır.

Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı suların həcmi 1 mln kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 72 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 1 mln kubmetrə yaxındır.

 

Bakı şəhərindəki çirkab sutəmizləyici qurğular

Hövsan bioloji təmizləyici qurğuları - məhsuldarlığı 640 min kubmetr/sutka

Sahil bioloji təmizləyici qurğuları - məhsuldarlığı 17,5 min kubmetr/sutka

Buzovna bioloji təmizləyici qurğuları - məhsuldarlığı 10 min kubmetr/sutka

Zığ mexaniki təmizəlyici qurğuları - məhsuldarlığı 70 min kubmetr/sutka

Hacı-Həsən mexaniki təmizləyici qurğuları - məhsuldarlığı 18,6 min kubmetr/sutka

Mərdəkan-Şüvəlan mexaniki təmizləyici qurğuları - məhsuldarlığı 18,6 min kubmetr/sutka

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur