“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.
“Azərsu” ASC ölkə üzrə 1,065 milyon abunəçini içməli su ilə təmin edir. Bunlardan 1,036 milyonu əhali, 30 minə yaxını isə qeyri-əhali istehlakçılarıdır.
“Azərsu” ASC Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd - Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.
Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.
