“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə 2011-ci ilin dekabr ayında ”Azərsu” ASC-də İnsan resursları şöbəsi yaradılıb. Bu addım Səhmdar Cəmiyyətdə işə qəbul prosesində subyektiv faktorların aradan qaldırılmasının təmin olunmasına xidmət edir. “Azərsu” ASC-yə işə qəbul yalnız İnsan resursları şöbəsi tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu işdə həlledici rolu iddiaçıların peşə keyfiyyəti oynayır. Kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər işçinin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.
“Azərsu” ASC-də açılan vakansiyalar (boş iş yerləri) Cəmiyyətin korporativ veb-səhifəsinin (www.azersu.az) “İnsan resursları” bölməsi vasitəsilə iş axtaranların diqqətinə çatdırılacaqdır.
2011-ci ilin sonu və 2012-ci ilin birinci rübü ərzində 4125 namizədin elektron müraciəti qəbul olunaraq ilkin təhlil mərhələsindən keçirilmişdir. Namizədlərdən 620 nəfəri testləşdirmə mərhələsinə dəvət almış, onlardan 57 nəfəri isə işə qəbul olunmuşdur.
CV-lərinizi hr@azersu.az e-mail ünvanına göndərə bilərsiniz.
